Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
29 Oktyabr , 2018

Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir. Sahəsi 707 km², əhalisi 39.660 nəfərdir

İnzibati mərkəzi Zəngilan şəhəridir. Köhnə adı Pirçivan

Rayon 1930-cu ildə təşkil olunmuşdur. "Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi İcraiyyə Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.

Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğv olunmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur. Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur. 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.