Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
25 Sentyabr , 2018

Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Arif  Babayev M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1946-cı ildə Arifin həyatında mühüm hadisə baş verir. Azərbaycan Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından Arif Babayev də mexaniki olaraq bu ali məktəbin tələbəsi sayılır və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. 1953-cü ildə Teatr İnstitutundan rejissorluq diplomu qazanan A.Babayev Naxçıvan teatrına göndərilir. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq səhnəsində ayaq izləri olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlir. 1956-cı il fevralın 14-də milli televiziyamız ilk verilişləri ilə efirə çıxır. Çox keçmir ki, Arif Babayevin teatrdakı karyerası başa çatır. Onu yeni yaranan televiziyaya işə dəvət edirlər. Televiziya rejissoru kimi öz istedadını sübut etmək üçün Arifə o qədər də çox vaxt lazım olmur. 1959-cu ildə onu televiziyanın baş rejissoru vəzifəsinə yüksəldirlər. 1964-cü ildən Arif Babayevin həyatının növbəti dövrü başlayır. "Azərbaycanfilm" Kinostudiyasına dəvət alan Arif müəllim televiziyanı kinoya dəyişir. Onun bu addımından milli televiziyamız nə qədər uduzursa, kinomuz bir o qədər qazanır. Rejissor bir-birinin ardınca  "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", “Alma almaya bənzər", "Arxadan vurulan zərbə" kimi filmləri ərsəyə gətirir. Cəmi 54 il yaşamağa gücü çatan Arif Babayev 9 film çəkə bildi. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı oldu, sonuncu filmi - "Birisigün, gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tarixə düşdü. Amma bütün böyük rejissorlar kimi Arif Babayev də təltifləri, aldığı, ala biləcəyi mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qalıb.