Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Xəbərlər
13 Sentyabr , 2021

Daniel Defo öz qəhrəmanları kimi çox qalmaqallı və cəncəlli həyat yolu keçmişdir. Defonun həyatı cəmiyyətdə özünə yer tutmaq istəyən bir adamın həyatıdır. Daniel Defo ət satıcısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə anadan olmuşdur. Atasının soyadı sadəcə "Fo" idi. Daniel Defo bəzi səbəblərdən soyadının əvvəlinə "De" artırır və ədəbiyyat tarixində Daniel Defo kimi tanınır. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər. Defo puritan ruhani akademiysına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyl etməmişdir. Onu daha çox kommersiya əməliyyatları cəlb etmiş, amma dəfələrlə iflasa uğradığı üçün kreditorlardan və polislərdən gizlənməli olmuşdur.

Defo 24 yaşında evlənir. Bu zaman o corab alveri ilə məşğul olan tacir kimi fəaliyyət göstərirdi.1685-ci ildə hersoq Monmutskinin başçılığı ilə üsyan baş verdi. Defo üsyana qoşuldu, üsyan məğlub olduqdan sonra Defo bir müddət gizləndi. 1688-ci ildə Orlanlı III Uilyam Hollandiyadan qoşun çəkərək İngiltərəyə gəldi və taxt-tacı ələ keçirməyə çalışdı. Defo III Uilyamın ordusuna qoşuldu. Bundan sonra Defo vətəninə qayıtdı. Ədəbi fəaliyyətə 1697-ci ildə başlayan Defo ilk çalışmalarını jurnalistika istiqamətində aparmış, "Layihələrə dair təcrübə" (ing. An Essay upon projects) əsərində bir sıra iqtisadi və ictimai islahatlar keçirilməsi ideyasını irəli sürmüş, vətəndaş azadlıqlarına dair broşüralar yazmışdır. İngiltərənin yeni kralı III Uilyam əcnəbi idi. İrtica qüvvələr və müxalifətçi zadəganlar bu məsələdən istifadə edərək kralın əleyhinə çıxışa hazırlaşırdılar.

Belə bir vəziyyətdə Defo özünün məşhur "Xalis İngilis" adlı ictimai satirası ilə çıxış etdi. Defo bu satirasında göstərdi ki, "xalis ingilis" məfhumu yalandır. Çünki əslində təmizqanlı ingilis yoxdur, ingilislər müxtəlif tayfaların, xalqların çarpazlaşmasından əmələ gəlmişdir. Poema böyük səs-küyə səbəb oldu.Poemadan xüsusən kral razı qaldı, Defoya mükafat verərək, onu saraya yaxınlaşdırdı. Beləliklə Defo ictimai rütbə qazandı,ancaq bu çox çəkmədi. III Uilyam öldükdən sonra onun yerinə kraliça Anna gəldi. Şübhəsiz yeni hökmdar dövlət və siyasət məsələlərində bir sıra dəyişikliklər etdi. Kilsə yeni hökmdarın köməyilə mübarizəyə başladı. Onlar mürtədlərlə, yəni ayrı-ayrı təriqət nümayəndələri ilə haqq-hesabı çürütməyə çalışdılar. Bu vaxt Defo "Mürtədlərə divan tutmağın ən asan üsulu" adlı pamfletini yazdı. Pamflet kilsə xadimlərinin dilindən yazılmışdır. Kilsə xadimləri əvvəlcə bu pamfleti müdafiə etdilər. Ancaq sonra pamfletdəki istehzanı anladılar. İş belə olduqda hökumət Defonun həbs edilməsi haqqında iş verdi. Məhkəmə onu cərimələdi və rüsvayçılıq dirəyinə sarımaq qərarını çıxardı. Əmr yerinə yetirildi. 1703-cü ilin 29,30,31 iyulunda Defonu London meydanlarının birində rüsvayçılıq dirəyinə sarıdılar. Lakin Defo bu döyüşdə də qalib gəldi. Belə ki, o hələ qalada olarkən "Rüsvayçılıq dirəyinin himni" adlı əsərini yazdı. Bu əsər gizlincə şan olunub əhali arasında yayılmışdı. Defonu rüsvayçılıq dirəyinə sarıyanda bu əsəri oxuyan camaat meydana toplaşmışdı.Defonun əllərinə və başına güldən çələng keçirdilər. Defo həmin əsərində yazırdı ki, azadlıq düşmənləri həmişə xalqın mənafeyini müdafiə edənləri əzir, onlara bu cür cəza verirlər.

Defo hələ həbsxanada olan zaman siyasi bir jurnal nəşr etmək haqqında fikirləşmişdi. Hökumət daxili işlərin mətbuata işıqlandırılmasına yol vermədiyi üçün Defo başqa yola əl atdı. O, jurnalın yalnız xarici ölkələrdəki işləri əks etdirəcəyini söylədi. Jurnal həftəlik idi. Defo jurnalı belə adlandırmışdı: " Fransa və başqa Avropa ölkələrindəki işlərin xülasəsi". Defo Fransadakı işlər adı altında öz ölkəsindəki işlərdən danışırdı. Bütün bunlardan sonra hökumət Defonu özünə yaxın adam hesab etdi,hətta ona bir sıra gizli tapşırıqlar verdi.

Ömrünün son iki-üç ilini Defo yoxsulluq içində keçirmişdir. Ömrünün sonlarında Defo əsəb xəstəliyinə tutulmuşdur. Defo dilənçi vəziyyətində, hamının unutduğu bir adam kimi ölmüş və London qəbristanlıqlarından birində dəfn edilmişdir.