Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qaradağ rayon Mərkəzi kitabxanası
Tədbirlər
26 Yanvar , 2021

Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu (19 aprel 1907 – 6 yanvar 1976) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960).

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.

Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).

Qız qalası – ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur.

aletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur.

Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər.

Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir. O, öz qızı Gülyanağı sevmədiyi kişi ərə vermək istəyir və qızının tələbi ilə qala tikdirir, Gülyanaq toy günü özünü qalanın damından dənizə atır. Bəstəkar bu əfsanənin süjetini öz musiqi əsərinə əsas götürərək milli Azərbayan incəsənətinin inkişafı tarixində yeni səhifə açan ilk Azərbaycan baletini yaratmışdır.

Yerli konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc bəstəkarların elə bir dəstəsinə daxil idi ki, həmin dəstə nəinki musiqi yazısı texnikasına yiyələnməyə can atır, həm də xalq yaradıcılığını dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir. Bədəlbəyli öz baletində gözəl orkestrovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf etdirmiş, habelə xalq melodiyalarının gözəlliyindən həvəs və diqqətlə istifadə etmişdir. "Şələqoy", "Ay bəri bax" kimi xalq havaları orkestrin ifasında xüsusilə təravətli, rəvan və dolğun səslənir, bu havaların əsasında emosional rəqslər yaradılmışdır. Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm də son dərəcə aydın və anlaşıqlıdır.

Klassik balet musiqisinin əsil xalq rəqsləri ilə məharətlə əlaqələndirilməsi bütövlükdə tamaşanın məzmun və üslubunu müəyyən etmişdir. İştirak edən şəxslərin musiqi xarakteristikasının relyefliyi və bir çox səhnələrin dərin lirik xüsusiyyətə malik olması da bu əsərin böyük məziyyəti hesab olunur.

Baletin musiqi və libretto müəllifi Əfrasiyab Bədəlbəyli Gülyanaq rolunun ilk ifaçısı Qəmər Almaszadə ilə birlikdə

Baletin yaradıcı kollektivi öz qarşısına xalq rəqslərində saxta şablonçuluqdan qaçmaq, xalq əfsanəsini bədii realist vasitələrlə göstərmək vəzifəsini qoymuş və buna nail ola bilmişdir. Baletin müvəffəqiyyət qazanmasında baş balerina Qəmər Almaszadə, quruluşçu rejissor Hidayətzadə, baletmeyster Kevorkov və Vronski, artistlərdən Sara Mirəliyeva, Əbilova, Boyman, Cəfərova, Bataşov, Urvantsev və başqaları böyük rol oynamışlar. Rəssam Qusak tamaşaya gözəl üslub tərtibatı vermişdir.

Artıq 1938-ci ilin başlanğıcında, Moskvada keçiriləcək "Azərbaycan mədəniyyəti ongünlüyü" astanasında əsərin partiturası hazır imiş, lakin, göstəriləcək tamaşaların siyahısı təsdiqləndiyindən, baletin tamaşaya qoyulması məsələsi sonraya saxlanıldı. Burada o zamankı yerli hakimiyyətin milli kadrlara şübhə ilə yanaşması da öz işini görmüşdü. Yalnız 1940-cı ildə "Qız qalası", nəhayət, böyük çətinliklərdən sonra işıq üzü görmüşdü. Və ayrıca vurğulamalıyam ki, əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster, füsünkar Qəmər Almaszadə idi.

O zamanlar müəllifin özü gənc dirijor olsa da, sonrakı illərdə opera və balet teatrımızın demək olar ki, bütün repertuarını,- tamaşalar toplumunu öz gənc çiyinlərində "daşımalı", daha doğrusu, yaşatmalı idi. Burada yada salmaq yerinə düşərdi ki, Ə. Bədəlbəyli cavanlığında çox fəal təfsirçi dirijorluğu ilə seçilirdi. Onun dirijor çubuğu Dmitri ŞostakoviçinPyotr Çaykovskinin, N. Myaskovskinin XVIII simfoniyalarının, Fikrət Əmirovun "Şur" simfonik muğamının və çox-çox digər şah əsərlərin öhdəsindən gəlibmiş.

Ə. Bədəlbəyli savadlı və geniş dünyagörüşü olan sənətkar, iti qələmli publisist və alim idi. Məhz onun çox yetkin etnoqrafik bilikləri və bilgiləri sonucunda baletin ilk redaksiyasının quruluşundakı bütövlük aydın nəzərə çarpırdı. Baletin librettosu ədəbiyyatçı və sıravi librettoçuların yazdıqlarından köklü seçilirdi. Bu məzmunun bütün xırdalıqları, ifaçılıq ünsürlərinin aydın, geniş açıqlandığı əsil quruluşçu baletmeyster librettosu idi.

Baletin ilk tamaşasınadək çox böyük təşkilatı və psixoloji çətinlikləri aradan qaldırmaq lazım gəlmişdi. Və belə ağır məqamda Üzeyir bəy öz köməyini əsirgəməmişdi. İlk tamaşadan sonra Üzeyir bəy Hacıbəyov "Pravda" qəzetindəki çıxışında "Qız qalası"nı yüksək qiymətləndirərək, baletin gələcək taleyinə irəlicədən xeyir-dua vermişdi.

Video çarxı Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialının oxucusu hazırlayıb.

https://www.instagram.com/tv/CKd8bFTh7aW/?utm_source=ig_web_copy_link